İQTİSADİYYAT
İlqar Tağıyev: Neftçalaya çəkilən ikinci magistral su kəmərindən 80 mindən çox sakin faydalanır

Neftçala, 3 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 kilometr uzunluğunda magistral kəmər çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib.
AZƏRTAC xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 kilometr uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib.
Vurğulayıb ki, bu kəmərlərdən perspektiv inkişaf nəzərə alınmaqla Neftçala şəhəri, kənd və qəsəbələrin 80 mindən artıq sakini faydalanır.