SİYASƏT


İltizam Yusifov: Azərbaycan-Türkiyə münasibətləri dünyaya dostluğun, qardaşlığın tərənnümü kimi sirayət edib

Bakı, 16 may, AZƏRTAC

Dünyada yeni siyasi münasibətlər meydana gəlməkdədir. Bu münasibətlərin fonunda əməkdaşlıq, sabitlik və sülh mühüm rol oynayır. Sadalanan bu amillərin reallaşmasında Azərbaycanın yürütdüyü siyasət mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev beynəlxalq tribunalardakı çıxışında daim bu məsələyə toxunub və məsələnin aktuallığını hər zaman diqqətdə saxlayıb. Aradan keçən müddət ərzində dünya birliyinin də sülh, sabitlik və əməkdaşlıq yönündə atılan addımlara müsbət reaksiya verdiyinin şahidi oluruq. Prezidentin Brüssel səfərində Avropa İttifaqı Şurasının Prezidenti ilə keçirdiyi görüşlər, bu görüşlərin fonunda əldə olunan razılıqlar onu deməyə əsas verir ki, yeni siyasi münasibətlərdə Azərbaycanın rolu artıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Azərbaycan nəinki regionda, eyni zamanda, Avropa üçün etibarlı tərəfdaş kimi əməkdaşlığa açıq, həmçinin sülh istəyən və sabitliyin qarantı kimi çıxış edir. Dünyaya dostluğun, qardaşlığın tərənnümü kimi sirayət edən Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslıdır. Azərbaycan-Türkiyə əlaqələri qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə çatdırmağa xidmət edir. Bu münasibətlərin fonunda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mayın 14-də açılışı keçirilən Rize-Artvin Hava Limanının istifadəyə verilməsini misal çəkmək olar. Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti deyib: “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev söyləyib: “Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”.

İltizam Yusifov bildirib ki, dünyaya örnək olan Türkiyə–Azərbaycan dostluğu siyasi, iqtisadi və çoxşaxəli əməkdaşlığı özündə ehtiva etdiyi kimi, türkçülüyün ideoloji əsaslarını təsdiqləyən soy, dil, ideal, mədəniyyət, Vətən, tarix və din məfhumlarını birləşdirən yeddi ünsürün varlığını təsdiqləyir. Mustafa Kamal Atatürk bu varlığın əbədiyyətini bu sözlərlə ifadə edib: “Ucal türk! Sənin üçün yüksəkliyin hüdudu yoxdur”. Türkiyə-Azərbaycan dostluğu əbədi və sarsılmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.