REGİONLAR


İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Xaçmazda 3 min ağac əkiləcək

Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə xaçmazlılar böyük coşqu ilə qoşulub, rayonda ciddi hazırlıq işləri görülür. Bu ağacəkmə aksiyası çərçivəsində rayon ərazisində bir gündə 3 min ağac tinginin əkilməsi nəzərdə tutulub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Samir Nemətov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu nəcib təşəbbüslə əlaqədar rayonda qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Gəndov-Yalama yolunun kənarı boyunca Vəlvələçaydan Ağçayadək olan ərazidə müxtəlif ağac tinglərinin əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə artıq hamarlama işləri aparılıb, arxlar çəkilib və sahələr əkinə hazırlanıb.

Rayon sakini Şıxəli Məmmədov bu aksiyaya həvəslə qoşulduğunu bildirib. “Hazırda çalalar qazılır, sahələrə üzvi gübrə daşınır. Hər bir rayon sakini kimi mən də bu təşəbbüsün həyata keçirilməsində fəal olmağa çalışıram. Bu nəcib təşəbbüsə görə Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

Hazırlıq işlərinin iştirakçısı olan rayon sakini Fərman Babayev də bu xeyirxah təşəbbüsün rayonun yaşıllaşmasına və gözəlləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. “Mən bir Xaçmaz sakini olaraq ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətli olan bu aksiyaya həvəslə qoşulmuşam. Hər bir rayonda yaşıllıqların salınmasına böyük ehtiyac var. Bu illər sonra da yadda qalacaq bir təşəbbüsdür”.

Rayon sakini Polad Bədəlov da ağac əkinində həvəslə iştirak edəcəyini bildirib. “Biz xaçmazlılar bu təşəbbüsü alqışlayırıq. Bir gündə 650 min ağacın əkməsi olduqca böyük bir göstəricidir. Hesab edirəm ki, bu təşəbbüs hər kəsə ağac əkmək fürsəti verir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.