CƏMİYYƏT
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Əsrlərin qovşağı” kompozisiyası təqdim edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Əsrlərin qovşağı” kompozisiyası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, dahi şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova tədbirdə çıxış edərək dahi şairin 650 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırıb, könüllülərin təqdim etdiyi kompozisiyanı yüksək qiymətləndiriblər. Çıxışlarda gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə təşkil edilən belə tədbirlərin davamlı keçirilməsinin önəmi vurğulanıb.
Sonra kompozisiyada iştirak edən könüllülər təltif olunublar.
Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində təşkil edilib.
“ASAN Könüllüləri” Təşkilatı mütəmadi olaraq müxtəlif mədəniyyət tədbirləri keçirir.