ELM VƏ TƏHSİL


İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi seminar

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Nəsimi - bədii söz sənətinin ən qiymətli incilərinin yaradıcısı” mövzusunda elmi seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda mütəfəkkir şair İmaməddin Nəsiminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov qeyd edib ki, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması ölkəmizin zəngin tarixi, mədəni irsinin qorunub saxlanılması, tədqiqi və təbliği baxımından böyük töhfədir.

Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov Nəsiminin Azərbaycanın böyük şairi, dövrünün görkəmli mütəfəkkiri olduğunu qeyd edərək, şairin şeirlərinin bədii quruluş və məzmunca orijinal və çox qiymətli olduğunu bildirib. Vurğulayıb ki, Nəsimi Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.

Elmi seminarın moderatoru, rus dili kafedrasının müdiri Gülnarə Rzayeva qeyd edib ki, Şərqin mədəni xəzinəsində əsas yerlərdən birini tutan Nəsiminin poetik irsi Azərbaycan xalqının parlaq bədii sərvətidir. Şairin yaradıcılığının ideyası və məzmunu, bədii və estetik xüsusiyyətləri, bütövlükdə onun poetikası, Nəsiminin adının görkəmli söz ustaları və filosoflarla bir cərgədə səslənməsinin əsas səbəbidir.

Seminarda digər çıxış edənlər qeyd ediblər ki, Nəsiminin yaradıcılıq irsi Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zənginləşməsində görkəmli şairin dəyərli xidmətləri olub. Nəsiminin əsərləri insanların qəlbində yaşayır və daim yaşayacaq.

Seminarda tələbələrin ifasında Nəsiminin qəzəlləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.