MƏDƏNİYYƏT
İmadəddin Nəsimiyə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 28 sentyabr, Pərvanə İmanova, AZƏRTAC
Sentyabrın 28-də Bakı Kitab Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş rəsm müsabiqəsinin yekun sərgisi və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Günel Anarqızı dövlət başçısının müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladıb. Bildirib ki, bu gün ölkəmizdə ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına start verilib. Bununla bağlı respublikanın müxtəlif yerlərində Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirlər keçirilir.
Diqqətə çatdırılıb ki, Bakı Kitab Mərkəzi tərəfindən bu ilin yayından başlanan, 6-14 yaş uşaqlar arasında keçirilən müsabiqəyə 40-a yaxın maraqlı və rəngarəng rəsm əsəri təqdim olunub. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Üç yer üzrə qaliblər müəyyən edilib. Bundan əlavə, üç əsər Bakı Kitab Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Müsabiqənin bütün iştirakçılarına isə Bakı Kitab Mərkəzi tərəfindən sertifikatlar veriləcək.
Xalq rəssamı Arif Hüseynov, Əməkdar rəssam Rəşad Mehdiyev, şair Leyla Bəyim və başqaları qalibləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Müsabiqənin nəticələrinə görə, Nərmin Şahmərdanzadə I, Nurçin Məmmədli II, Seymur Süleymanov isə III yerə layıq görülüb. Qaliblərə Bakı Kitab Mərkəzi adından diplom və hədiyyələr təqdim olunub.
Bundan əlavə, üç iştirakçıya - Zəhra Ələkbərzadə, Feyziran Zaman və Humay Sadıqzadəyə Bakı Kitab Mərkəzinin xüsusi diplom və hədiyyələri verilib.
Tədbir çərçivəsində pianoçu Vüsal Aydəmirovun və müğənni Lalə Sultanlının ifaları iştirakçılarda xoş ovqat yaradıb.