CƏMİYYƏT
İman Nağıyev: Hakimlərin Seçki Komitəsi vakant yerlər üzrə hakimlərin seçilməsi prosesini mərhələli şəkildə həyata keçirir
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də hakimliyə namizədlərin seçilməsi prosesi üzrə imtahanın növbəti mərhələsi keçirilir. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən, mövcud hakim ştatlarının sayı 200 vahid artırılıb. Bu və digər səbəblərdən yaranmış vakant yerlər üzrə hakimlərin seçilməsi prosesinə zərurət yaranıb. Buna görə də Hakimlərin Seçki Komitəsi olaraq bu prosesi mərhələli şəkildə həyata keçirməyə start verdik.
AZƏRTAC xəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev dekabrın 1-də hakimliyə namizədlər üçün Dövlət İmtahan Mərkəzində keçirilən yazılı imtahanla bağlı jurnalistlərə müsahibəsində deyib.
İman Nağıyev bildirib ki, ilkin mərhələdən 44 namizəd artıq bu ilin əvvəlində dövlətimizin başçısının Sərəncamı ilə təyinat alıb və müvafiq məhkəmələrdə çalışır. İkinci seçki mərhələsi üzrə tədrisədək olan imtahan mərhələləri başa çatıb. Onlar tədris mərhələsindədirlər. Onlarla aparılan tədris mərhələsi yanvarın 6-da başa çatacaq. Ondan sonra həmin namizədlər tədrisin nəticələrinə uyğun olaraq imtahan verib hakim təyinatı üçün təqdim ediləcəklər. Üçüncü mərhələ üzrə iki imtahan prosesi keçirilib. Üçüncü imtahan prosesi sona çatmaq ərəfəsindədir. İlin sonunda həmin namizədləri də tədris mərhələsinə göndərəcəyik.
“Bu gün dördüncü seçim mərhələsi üzrə test imtahanı keçirilir. İştirak etmiş 200 nəfərdən 93-ü ikinci imtahanda uğur qazanıb. Bu gün 93 nəfər üzrə yazılı imtahan prosesi keçirilir. Bu imtahandan uğur qazanan 60 və daha yüksək bal toplayan namizəd növbəti şifahi imtahan mərhələsinə buraxılacaq. Bu qayda ilə biz vakant hakim yerlərini doldurmaq fikrindəyik. Yazılı imtahanın nəticələri ikiqat üsulla yoxlanılır”, - deyə İman Nağıyev bildirib.