REGİONLAR


İmişli: doqquz ayda 396,6 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib VİDEO

İmişli, 11 oktyabr, AZƏRTAC

İmişli Suvarma Sistemləri İdarəsi 54291 hektar suvarılan sahəyə xidmət edir. İdarənin əsas vəzifəsi balansda olan suvarma sistemlərinin normal iş rejimində qorunub saxlanılmasını təmin etmək, istismar tədbirləri planına uyğun olaraq suvarma kanallarının lildən təmizlənməsini, o cümlədən əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, idarə tərəfindən bu ilin doqquz ayı ərzində ümumilikdə 396,6 kilometr uzunluğunda, 957 kubmetr həcmdə, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib.

İdarənin balansında 25 nasos stansiyası var. Həmin stansiyalar vasitəsilə 9515 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur. Bundan əlavə, dizel yanacağı ilə işləyən 6 nasos aqreqatı da rayonun ehtiyac olan ərazilərində quraşdırılıb. Hazırda nasos stansiyaları işlək vəziyətdədir.

Rayonda əkin sahələri 1176 kilometr uzunluğunda suvarma kanalları vasitəsilə su ilə təmin olunur. Əsas su mənbəyi Araz çayı və Yuxarı Qarabağ kanalı olan Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənub Muğan, Rəsul arx, R-2, Arazyanı kanallarıdır. Hazırda rayon ərazisində lildən təmizlənmə və təmir işləri planlı şəkildə yerinə yetirilir. 2021-ci ilin üçüncü rübü ərzində 70 hidrotexniki qurğu cari və 2 nasos stansiyası isə əsaslı təmir edilib.

Qeyd edək ki, İmişli rayonunda bu il 16446 hektar sahədə taxıl, 9692 hektarda pambıq, 22588 hektarda yem bitkiləri, 49 hektarda çoxillik bitkilər, 270 hektarda şəkər çuğunduru, 476 hektarda bostan bitkiləri, 119 hektarda qarğıdalı və təkrar əkin olaraq 1988 hektarda qarğıdalı əkilib və suvarılması müvəffəqiyyətlə aparılıb. Hazırda istismar tədbirləri planına uyğun olaraq işlər davam etdirilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.