REGİONLAR
İmişli kümçüləri 6 tondan çox yaş barama təhvil veriblər VİDEO
İmişli, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidən olan kümçülər indiyədək 6 tondan çox məhsul təhvil veriblər. Rayon kümçülərinin hədəfi isə 8 tondan artıq məhsul tədarük etməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür İmişli rayonunda barama tədarükü davam edir. Ötən illər ərzində baramaçılıq üzrə təcrübə toplayan kümçülər bu il də ənənəyə sadiq qalaraq yüksək məhsul yetişdiriblər. Rayonun Yuxarı Qaralar kənd sakini Tacəddin Əhmədov söyləyir ki, toxumların pulsuz olaraq yerlərdə kümçülərə çatdırılması, eyni zamanda, məhsulun təhvil alınması baramaçılığa marağı artırır. O, cari ildə 40 qram toxum götürərək 80 kiloqram yaş barama təhvil verib.
İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlıq sektorunun baş məsləhətçisi bildirib ki, cari ildə 112 kümçüyə 220 qutu olmaqla, 4 kiloqram 180 qram toxum paylanılıb: “Bir neçə ildir ki, İmişlidə baramaçılıq inkişaf etdirilir, ona görə də bu sahədə təcrübə artıb. Rayonda barama tədarükü davam edir və 6 tondan çox yaş barama təhvil verilib. Cari ildə hədəf 8 tondan çox məhsul tədarük etməkdir”.
Qeyd edək ki, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.