REGİONLAR
İmişli məktəblisi: Tur-aksiya biz məktəblilərə Azərbaycanın bölgələri ilə yaxından tanış olmaq imkanı yaradıb
Qəbələ, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya İmişli rayonundan qoşulmuşam. Tur-aksiya respublikamızın bölgələri ilə tanış olmaq üçün çox yaxşı fürsətdir. Əminəm ki, rayonumuza zəngin təəssüratla qayıdacağam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələyə səfər edən İmişli şəhər 7 saylı orta məktəbin XI sinif şagirdi Süsən Xəlilli deyib.
O, bu aksiyaya sinif yoldaşı Nərmin Abışova ilə birgə qatılıb. “Qəbələ bizə ilk gündən xoş təəssürat bağışladı. Biz burada IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasında fəal iştirak etdik və yaşıllıqlar diyarı olan Qəbələdə ağac əkdiyimiz üçün özümüzü xoşbəxt sanırıq”, - deyə S.Xəlilli vurğulayıb.
Tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan İmişli şəhər 7 saylı orta məktəbin XI sinif şagirdi Nərmin Abışova onlara belə şərait yaratdığına görə şagird dostları adından dövlətimizin başçısına minnətdarlığını bildirərək deyib: “Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə biz məktəblilərə Azərbaycanın bölgələri ilə yaxından tanış olmaq imkanı yaradıb. Biz ekskursiya zamanı məktəbdə əldə etdiyimiz nəzəri bilikləri daha da zənginləşdirəcəyik. Bu baxımdan, layihənin əhəmiyyəti olduqca böyükdür”.