REGİONLAR


İmişli rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir

Bakı, 16 yanvar, AZƏRTAC 

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə cari ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə “Epizootiya əleyhinə profilaktika, diaqnostika Tədbirlər Planı”na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər görür.

DBX-dən AZƏRTAC-a bildiriblər ki, hazırda İmişli rayonunda epizootik durum sabitdir. Buna baxmayaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı bu ilin profilaktik tədbirlərinə başlanılıb. Müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Dövlət Baytarlıq Xidmətinin İmişli Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termocamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə həyata keçirilir. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri icra olunur. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

Aparılan tədbirlər çərçivəsində rayonun Qaralar kəndində yerləşən və Rəhimov Sahil Pasan oğluna məxsus “İmişli-R-Aqro” cins damazlıq heyvandarlıq kompleksində 450 baş və Qasımov Səxavət Qarakişi oğluna məxsus cins heyvandarlıq təsərrüfatında saxlanılan 240 baş heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də cari ilin mövcud dövrü ərzində, ümumilikdə, rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 21 min 550 baş iribuynuzlu, 455 baş təkdırnaqlı heyvanda qarayara, 1950 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə həyata keçirilib. Həmçinin 438 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və iki min kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Qeyd edək ki, İmişli Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən ötən il ərzində qarayara xəstəliyinə qarşı 93 min 576 baş iribuynuzlu, 247 min 864 baş xırdabuynuzlu və 1641 baş təkdırnaqlı heyvanlar arasında peyvəndləmə aparılıb. Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 13 min 176 baş iribuynuzlu və 3 min 557 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq Rayon Diaqnostik Kabinetində seroloji müayinə edilib. Eləcə də ötən il 1017 baş qapı itlərində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin keçən il ərzində rayonda saxlanılan heyvanlar arasında dabaq, nodulyar dermatit, leptospiroz, çiçək və digər xəstəliklər əleyhinə profilaktik peyvəndləmələr aparılmaqla yanaşı, 51 min 500 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunaraq epizootik sabitlik təmin edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və digər iti yoluxucu xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmələrini məsləhət görüblər. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

İmişli rayonunda bundan sonra da epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcək. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur.

DBX tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika Tədbirlər Planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla tətbiq olunur.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.