REGİONLAR
İmişli rayonunda uzunluğu 43,5 kilometr olan yollar yenidən qurulur VİDEO
Bakı, 4 may, AZƏRTAC
İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 71-ci kilometrindən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yolların ümumi uzunluğu 43,5 kilometrdir. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Yenidənqurma işlərinə layihənin uzunluğu 24 kilometr təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Hazırda yol əsasının alt və üst layının tikintisi icra olunur. Artıq sözügedən yolun 10 kilometrlik hissəsində sözügedən işlər və asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.
Yenidənqurma işləri layihənin 5 kilometrlik Məmmədli hissəsində də davam edir. Bu hissə üzrə də artıq asfaltlanma işlərinə başlanılıb. Layihənin Əlyetməzli hissəsində isə hazırda torpaq işləri icra olunur. Bu çərçivədə yolun Ağamalılar və Məmmədli hissəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması yekunlaşıb, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində isə mövcud avtomobil körpülərinin təmiri davam edir.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Avtomobil yollarının yenidən qurulması 5 yaşayış məntəqəsinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.