REGİONLAR
İmişli sakini bağında Cənnət alması yetişdirib



İmişli, 10 iyun, Aydın Yavərzadə, AZƏRTAC
İmişli sakini bağında Cənnət alması adı ilə tanınan meyvə ağacını 10 ildən çoxdur ki, qoruyub becərir. Bu alma ağacının digər ağaclardan fərqli bir çox xüsusiyyətləri var.
AZƏRTAC-ın müxbiri həmin bağda olub Cənnət almasının spesifik xüsusiyyətləri barədə təsərrüfat sahibi Nazim Həsənovun fikirlərini öyrənib.
İmişlinin Şahverdili kəndində uzun illərdir bağçılıqla məşğul olan Nazim Həsənov burada müxtəlif meyvə ağacları yetişdirir. Bu sahəyə xüsusi diqqət ayıran kənd sakini həm də bundan gəlir əldə edir. Bağda kola bənzər alma ağacı daha çox diqqət çəkir. N.Həsənov bildirir ki, sözügedən meyvə ağacı Cənnət alması və ya Yer Alması adı ilə tanınır. Bu alma ağacı həm dekorativ sayılır, həm də çox dadlı məhsulu olur. "Digər almalardan fərqli olaraq yay fəslində yetişir. Ağacın hündürlüyü yerdən təxminən 50-50 santimetrə qədər uzanır, lakin ətrafa yayılması daha çox olur. Məhsul zamanı isə budaqlar yerə yatır. Məhsuldarlığı da boldur, hər ağac 20-50 kq arasında bar verir. İlk dəfə bu meyvə ağacını Naxçıvanda gördüm və isti iqlimdə yetişdiyi üçün çilingindən götürərək öz bağımda əkdim. 10 ildən çoxdur bu ağac təsərrüfatımda yer alır, hazırda altıya yaxın belə ağac var. Bağda bu meyvə ağacı hər kəsin diqqətini cəlb edir. Eyni zamanda, ətri və dadı ilə seçildiyi üçün Cənnət almasından çox gözəl kompot əldə etmək olur. Ağacın digər özünəməxsusluğu isə istiyə daha dözümlü olmasıdır. Aran bölgəsi isti iqlimə malik olduğundan bu meyvələr burada daha tez yetişir.