REGİONLAR
İmişli və Salyanda karantin qaydalarına zidd olaraq toy edənlər cərimələniblər
İmişli, 23 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Kral” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda - 200 nəfər qonağın iştirak etməsi müəyyən olunub.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı E.Usubov 4 min manat, toy mərasiminin təşkilatçısı S.Şıxəliyev isə 400 manat məbləğində cərimə olunub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə, keçirilən tədbirlər nəticəsində rayonun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.