REGİONLAR
İmişlidə 48 mənzilli yaşayış binasının tikintisi başa çatıb
İmişli, 13 dekabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin Abbasqulu bəy Şadliniski küçəsində 48 mənzilli yaşayış binasının tikintisi tam başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan 4 mərtəbəli binanın tikintisinə ötən ilin dekabrında başlanılıb. Artıq binada sakinlərin rahat yaşamaları üçün bütün zəruri işlər görülüb. Yaşayış evinin dayanıqlı elektrik enerjisi, su və istiliklə təmin olunması üçün transformator quraşdırılıb, 100 tonluq su anbarı tikilib, mənzillərdə kombi sistemi quraşdırılıb. Həmçinin ərazidə abadlıq işləri aparılıb, asfalt və tamet döşənilib, yaşıllıqlar salınıb.
Yaşayış binası yaxın günlərdə sakinlərini qəbul edəcək.
Qeyd edək ki, binadakı mənzillərin 12-si bir, 18-i iki, 14-ü üç, 4-ü isə dörd otaqlıdır.