REGİONLAR
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
İmişli rayonu ərazisində Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, sözügedən yolun uzunluğu 14,3 kilometr olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin 21,7 kilometrlik IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 metr, çiyinlərin eni 2-2,5 metr olmaqla yolun ümumi eni 12-10 metr təşkil edəcək. Layihə çərçivəsində yeni yol yatağı inşa olunub. Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik 398 poqonmetr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub.
Hazırda yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yol əsası hazır olan hissələrdə isə artıq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 190 yol nişanı, kilometr göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək.
Avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 50 min sakinin həyat şəraitinin yaxşılaşdırılması, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna, həmçinin Ağsu-Kürdəmir-İmişli avtomobil yolu vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollarına rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın inkişafına təkan verməkdir.