REGİONLAR


İmişlidə 54 min 290 hektar torpaq sahəsi suvarılır VİDEO

Bakı, 18 iyul, AZƏRTAC

İmişli rayonunda suvarma mövsümü uğurla davam edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, suvarmanın mütəşəkkil aparılması üçün İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən bütün hazırlıq işləri yekunlaşıb. Hazırlıq işləri sürətlə aparılır. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarını lildən təmizləmək, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəçilərini su ilə təmin etməkdir. İdarənin balansında olan 25 ədəd nasos stansiyalar vasitəsilə 9515 hektar əkin sahəsi suvarma suyu ilə təmin olunur. Bundan əlavə 6 ədəd dizel yanacağı ilə işləyən nasos aqreqatları vardır ki, bu da su tələbatına uyğun ərazilərdə quraşdırılır. Suvarma mövsümünə qədər bütün nasos stansiyalara baxış keçirilərək saz vəziyyətə gətirilib. Hazırda nasos stansiyaların hər biri işlək vəziyyətdədir.

İmişlidə əkin sahələri uzunluğu 1176 kilometrdən artıq olan suvarma kanalları vasitəsilə suvarılır. Bunlar əsasən, Araz çayı və Yuxarı Qarabağ kanalından qidalanan Boztəpə, Qızıl arx, Köhnə Cənubi Muğan, Rəsul arx, Osmanov kanalı, Baş Muğan və Orta Muğan kanallarıdır. Bu günə qədər ümumilikdə 413 min kubmetr həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib, 1 kilometr uzunluqda nov kanal cari təmir olunub. Bundan başqa 7 ədəd hidrotexniki qurğunun cari təmiri həyata keçirilib.

İmişli rayonunda 2022-ci il təsərrüfat ilində 16 min 630 hektar sahədə taxıl, 7121 hektar pambıq, 25 min 145 hektar yem bitkiləri, 550 hektar bostan-tərəvəz, 150 hektar qarğıdalı, 50 hektar çoxillik bitkilər və 4650 hektar həyətyanı sahələrdə əkin aparılıb və əkilən bütün bitkilər suvarma suyu ilə təmin olunub. Qeyd edək ki, İmişli Suvarma Sistemləri İdarəsi 54 min 290 hektardan artıq suvarılan torpaqlara xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.