REGİONLAR
İmişlidə 8 ayda süni mayalanma yolu ilə 864 baş buzov alınıb
İmişli, 27 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir, onlardan da 4-ü əsas, 3-ü isə yardımçı məntəqələridir.
Ötən il və bu ilin ilk aylarında həmin məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 1591 baş inək və düyədən 864 buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 86 min 500 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 94 min 364 baş iribuynuzlu mal-qara saxlanılır, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.