REGİONLAR


İmişlidə Aqrar İnnovasiya Festivalında innovativ texnologiya və avadanlıqlar nümayiş olunub VİDEO

İmişli, 14 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Aqrar innovasiyaların məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən İmişli rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Kənd təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələri, tabeli qurumları, eləcə də digər dövlət qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər.

Aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən festivalda iştirak edən fermerlər üçün aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, tədbirin keçirildiyi bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumat sessiyaları keçirilib.

Festival zamanı təşkil olunan panel müzakirələr zamanı bölgənin aqrar potensialının və perspektivinin müəyyən olunması və bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı bu sahədə ixtisaslaşmış iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları bölüşüblər.

Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov bildirib ki, yeni formatda təşkil olunan bu festival sərgi və nümayiş, aqrobiznes görüşləri, panel müzakirələri, startap zonalar, təlim və məlumat sessiyaları olmaqla, bir neçə bölmədən ibarətdir. Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri tərəfindən ziyarət olunan sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş etdirilib.

Festival zamanı məhsul istehsalçılarının stendləri ilə yanaşı, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilmiş bir sıra startap yarışmaların, müsabiqə və hakatonların iştirakçıları, eləcə də ali təhsil müəssisələri öz prototiplərini, məhsul və həllərini, ixtiralarını təqdim ediblər. Həmçinin bir çox seqmentlərin cəmləndiyi festivalda birgə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində yerli və xarici şirkətlər, dövlət qurumları arasında biznes görüşləri təşkil olunub.

Kənd təsərrüfatı məhsul istehsalçıları tərəfindən maraqla qarşılanan festivalda Mərkəz tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ideyası və layihəsi olan festival iştirakçılarının qəbulu və qeydiyyatı həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.