REGİONLAR
İmişlidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə dair səyyar xidmət təşkil edilib
Bakı, 3 may, AZƏRTAC
İmişli rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə start verilib. Rayonun Qaradonlu kəndində fermerlərin EKTİS sisteminə qeydiyyatı prosesinə səyyar “ASAN xidmət” avtobusu cəlb olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etmək üçün informasiya-məsləhət xidməti göstərirlər. Bundan başqa, İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində və İmişli “ASAN xidmət” Mərkəzində EKTİS-in tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb. Fermerlər bu pəncərələrə yaxınlaşaraq yeni sistemdə qeydiyyatdan keçmək üçün məsləhət xidməti alırlar. Könüllülər fermerlərə EKTİS-də şəxsi kabinet yaratmaq və məlumatları ardıcıl şəkildə sistemə daxil etməkdə köməklik göstərir.
İmişlidə EKTİS-in tətbiqi ilə bağlı maarifləndirmə işləri çərçivəsində ilk iki gündə 698 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Bununla da İmişlidə EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 3219 nəfərə çatıb.
Qeyd edək ki, mayın 3-dək ölkə üzrə 141491 fermer EKTİS-də qeydiyyatdan keçib. Onlar arasında Sabirabad, Şəki, Biləsuvar, Zaqatala və Cəlilabad rayonlarından olan fermerlər üstünlük təşkil edir.