REGİONLAR


İmişlidə Qızılarx və Boztəpə kanallarının beton üzlüyə alınması üçün layihə hazırlanıb VİDEO

İmişli, 27 avqust, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda əkin sahələrinin su ilə təmini üçün Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Daşıyıcı kanallar vasitəsilə sahələrə su buraxılması müəyyən edilən qrafikə uyğun növbəli şəkildə təşkil edilir.

İmişli rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, İmişlidə idarə tərəfindən 54 min 291 hektar əkinə yararlı torpaq sahəsinə xidmət göstərilir. Əkin sahələrinin suvarılması üçün ümumilikdə 1176 kilometr uzunluğunda su kanalı və 25 su nasos stansiyası vardır. Su nasos stansiyaları çayların qalxıb-enməsinə uyğun olaraq tənzimlənir. Nasoslar əsasən Kür ətrafı sahədə quraşdırılıb ki, bunun da 5-i üzən su nasosudur. Həmçinin Araz çayı və iri tutumlu su kanallarının sahilində də nasos stansiyaları çalışır.

Əkin sahələrinin suvarılması üçün Baş Muğan, Qızılarx, Boztəpə, Yuxarı Qarabağ, Rəsularx, R-2, Arazyanı, OMK və digər iri sututumlu kanallardan istifadə edilir. Bundan başqa 6 ədəd dizel yanacağı ilə işləyən mobil su nasos stansiyası suyun tələbatına uyğun yerlərdə sahələrə xidmət göstərir. Rayonda suvarma kanallarının lildən təmizlənməsi də daim diqqət mərkəzində saxlanılır. Kanalların təmizlənməsi üçün əraziyə lazımi sayda texnika cəlb edilib. İdarədən verilən məlumata görə, ilin əvvəlindən bu günə kimi 220 kilometrdən çox suvarma kanalında təmizlik işləri aparılıb. Mütəmadi olaraq suvarma işlərinin keyfiyyətli və vaxtında həyata keçirilməsi üçün hidroqurğularda cari təmir və yenilənmə işləri görülüb. Yaxın gələcəkdə İmişli rayonunda əsas daşıyıcı kanallardan olan Boztəpə və Qızılarx kanalları boyunca torpaq məcralı hissələrin beton üzlüyə alınması nəzərdə tutulub. Bunun üçün artıq layihədə hazırlanır və yekunlaşmaq üzrədir. Yerinə yetiriləcək işlərdə əsas məqsəd su itkisinin qarşısının alınmasıdır.

Aparılan işlər sayəsində sakinlər də əkin sahələrini vaxtında suvara bildiyini söyləyir. Rayonun Bəcirəvan kənd sakini Sabir Məmmədov deyir ki, bu il taxıl sahəsini vaxtında suvarması nəticəsində hər hektar üçün 40 sentnerə yaxın məhsul tədarük edib.

Orculu kəndindən olan fermer Zəmanət Bədirov isə bildirir ki, kənd ərazisində suvarma kanallarının beton üzlükdə olması su itkisinin qarşısını almağa müsbət təsir edir. Bundan başqa, sahələrə suyun qrafik və növbəli şəkildə verilməsi suvarma işini yaxşılaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.