REGİONLAR
İmişlidə Sabir parkında təmir-bərpa işlərinə start verilib
İmişli, 10 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə Mirzə Ələkbər Sabir adına parkda təmir-bərpa işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda parkın ərazisində müasir üslubda səki daşları, döşəmə plitələri düzülərək gediş-gəliş hissələri ayrılır, M.Ə.Sabirin büstündə, eləcə də onun ətraf hissəsində müasir üzlük daşlarından istifadə olunmaqla bərpa-yenidənqurma işləri aparılır. Əraziyə münbit torpaq daşınır, qazon örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Dekorativ bitki kollarının əkilməsi nəzərdə tutulub. Eyni zamanda, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılacaq, yaşıllıqların suvarılması üçün su xətləri çəkiləcək, avtomobillərin hərəkət hissəsinə asfalt örtük döşənəcək, yağış sularının ərazidən uzaqlaşdırılması üçün sistem yaradılacaq.