REGİONLAR
İmişlidə bələdiyyə nümayəndələri üçün seminar təşkil edilib
İmişli, 10 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə İmişli şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən İmişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki köməklik göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə şöbəsinin əməkdaşları İlkin Savalan və Ruslan İsmayılov torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların tətbiqi, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.