REGİONLAR
İmişlidə bir ailənin üç üzvü zəhərlənib
İmişli, 13 fevral, Mahir Babayev, AZƏRTAC
İmişlidə məcburi köçkün kimi məskunlaşan Ağdam sakinləri konservləşdirilmiş turşudan zəhərlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam sakini Ağayev Elma, onun həyat yoldaşı Ağayeva Səyalı və onların qızı Samirə zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı xəstəxananın toksikologiya şöbəsinə göndərilib. Səyalı Ağayeva xəstəxanada vəfat edib, Elman Ağayev isə kritik vəziyyətdən çıxıb.
İmişli Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hazırda ailənin 15 yaşlı qızı koma vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan onu Bakıya göndərmək mümkün olmayıb. Paytaxtdan ezam olunan həkimlər briqadası tərəfindən ona yardımlar göstərilir.
Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörəyin olduğu bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.