REGİONLAR
İmişlidə kollektor-drenaj sistemlərində təmizlənmə işləri görülür
İmişli, 18 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə kollektor drenaj kanallarının qazılması və təmizlənməsi işləri daim nəzarətdə saxlanılır. Mərkəzi Muğan Kollektorların İstismarı idarəsi tərəfindən hazırda təsərrüfatdaxili və daşıyıcı kollektorlarda təmizləmə işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı məhsullarının daha keyfiyyətli becərilməsi, o cümlədən əkinəyararlı sahələrin şoranlaşmasının qarşısının alınmasında məlum olduğu kimi, kollektor-drenaj sistemləri mühüm əhəmiyyətə malikdir. Elə bu məqsədlə Aran rayonlarında mütəmadi olaraq kollektor drenaj kanallarının lildən təmizlənməsi və hidroqurğuların cari və əsaslı təmiri işləri yerinə yetirilir. İmişli rayonu kənd təsərrüfatı işləri geniş vüsət alan rayonlar arasında yer aldığı üçün sözügedən işlərin vaxtında görülməsi nəzarətdə saxlanılır.
Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi üzrə baş mühəndis Əlisafa Paşayev bildirib ki, idarə 26500 hektar suvarılan sahədə 1490 kilometr uzunluğunda drenaj və kollektor kanallarına xidmət edir. Təkcə 2020-ci ildə kənddaxili kollektorlar üzrə 250 kilometr uzunluğunda kanal lildən təmizlənib və həmin kollektor üzərində yerləşən 55 ədəd hidroqurğuda cari təmir işləri yerinə yetirilərək, daha iri borularla əvəz edilib. Bu da öz növbəsində qrunt sularının ötürülməsində mühüm əhəmiyyətə malikdir. Bundan başqa, təsərrüfatlararası kollektorlarda da iş aparılır. K-4 kollektoru üzərində yerləşən körpü əsaslı təmir olunaraq istifadəyə verilib. Həmçinin daşıyıcı kanal olan K3 kollektorunda da təmizləmə işləri davam etdirilir.
Fermerlərin sözlərinə görə, kollektor-drenaj sistemlərində görülən işlər əkin sahələrinə müsbət təsir göstərir. Oruclu kəndindən olan fermer Məhəmməd İmanov qeyd edib ki, Oruclu kəndindən keçən K3 kollektoru ətrafında qonşu kəndlərin də əkin sahələri yerləşir. Bu kollektorun vaxtında lildən təmizlənməsi torpaqların erroziyaya uğramasının qarşısını alır. Oruclu kəndindən keçən kollektor Ağammədli Cəfərli kəndinin əkin sahələrində olan qrunt sularının çəkilməsinə də kömək edir və torpağın münbitliyi qorunur.
Kollektor-drenaj sistemlərinin əkin sahələrinə lazımi səviyyədə xidmət göstərməsi üçün cari ildə də plan üzrə işlərin yerinə yetirilməsi nəzərdə tutulub. Əsas məqsəd yüksək keyfiyyətli məhsul əldə edilməsi və torpaq münbitliyinin təmin olunmasıdır.