CƏMİYYƏT
İmişlidə mal-qara oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub
Bakı, 2 iyun, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri ilə mal-qara oğurluğunun üstü “isti izlərlə” açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 27-də İmişli rayonun Çaxırlı kənd sakinlərinin Araz çayının kənarındakı otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qaradan yeddisi geri qayıtmayıb. İki gün aparılan axtarış nəticə vermədiyindən mayın 29-da kəndin beş sakini bu barədə rayon polis şöbəsinə (RPŞ) müraciət edib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları həmin ərazidə iki gün əvvəl dövlət nömrə nişanı məlum olmayan “QAZ-53” markalı yük maşınının görünməsi barədə məlumat əldə ediblər. Müvafiq tədbirlərlə həmin nəqliyyat vasitəsinin Cəbrayıl rayon sakini Fuad Məmişova məxsus olması dəqiqləşdirilib, və o, şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu digər həmyerliləri Aruz Paşalı və Qalib Həsənli ilə birlikdə törətdiyi müəyyənləşib. Əməliyyat tədbirlərinin davamı olaraq onlar da tutulublar.
Hər üç şəxs 7 baş heyvanı Biləsuvardakı mal bazarında 4400 manata satdıqlarını və pulu aralarında böldüklərini etiraf ediblər.
Satışdan əldə olunan pul maddi sübut kimi götürülüb, həmçinin onların həmin heyvanları satdıqları qəssablar da müəyyənləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.