REGİONLAR
İmişlidə məhsul buraxılışının həcmi 9,9 faiz artıb
İmişli, 16 may, Aydın Yavərzadə, AZƏRTAC
2022-ci ilin yanvar-mart aylarında İmişli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz və ya 12 milyon 350,3 min manat artaraq, 136,0 milyon 998,9 min manat olub.
İmişli rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul buraxılışında istehsalın xüsusi çəkisi 82,4 faiz, xidmət sahələrinin payı isə 17,6 faiz səviyyəsində olub. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə istehsal sahəsində 11,4 faiz, xidmət sahəsində isə 3,4 faiz artım qeydə alınıb. Cari ilin əvvəlindən əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 1027,8 manata olub, bu isə 2021-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çox deməkdir.
Bu dövrdə müqayisəli qiymətlərlə sənayedə 69,0 milyon 377,5 min manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 25 milyon 125,0 manatlıq, tikintidə 18 milyon 379,0 min manatlıq, nəqliyyat və anbar təsərrüfatında 1,0 milyon 662,8 min manatlıq, informasiya və rabitədə 252,3 min manatlıq və ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 22,0 milyon 202,4 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.