REGİONLAR
İmişlidə pambıq sahələrindən hər gün 160 tondan çox məhsul yığılır
İmişli, 9 oktyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 2 min 826 tondan çox məhsul toplayıblar. Hər gün plantasiyalardan 160 tondan çox pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul edilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 7 min 923,8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 19 min 703 tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hazırda sahələrdə 33 pambıqyığan kombayn işləyir və indiyədək bu maşınlarla 2 min 469 tondan çox məhsul toplanıb.
Qaradonlu kənd sakini, təcrübəli pambıqçı Seyidnəzər Həşimov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 12,7 hektar pambıq sahəsindən orta hesabla 45,1 sentner məhsul götürüb. Fermerin sahəsində bu il də pambıq çoxdur.
“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 14 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən bol məhsul yetişib. Məhsulu maşınlarla toplayacağam. Hələ kollarda qozalar tam açılmadığından yığıma başlamamışam. Yaxın günlərdə sahəyə pambıqyığan kombayn çıxaracağam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.