REGİONLAR
İmişlidə pərakəndə əmtəə dövriyyəsinin həcmi 136 milyon manatdan çox olub
İmişli, 12 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında İmişli rayonunda pandemiyanın təsirlərinin azalması ilə əlaqədar əmtəə dövriyyəsində artım müşahidə olunub və 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,9 faiz artaraq 136 milyon 616,1 min manat təşkil edib.
İmişli rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin altı ayında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 67 milyon 945,1 min manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 68 milyon 671 min manatını isə qeyri-ərzaq malları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı 12.6 faiz azalıb, qeyri-ərzaq mallarının satışı isə 22.1 faiz artıb.
Bu ilin birinci yarısında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bazar və yarmarkalarda istehlak məhsullarının və hüquqi şəxslər üzrə istehlak bazarının satışında, həmçinin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət şəbəkələrindəki satışlarda artım müşahidə olunub. Pərakəndə əmtəə dövriyyəsinin hamısı qeyri-dövlət müəssisələrinin payına düşüb.