REGİONLAR
İmişlidə qısa müddətdə 2 min hektardan çox taxıl əkilib
İmişli, 26 oktyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə subsidiya verilməsi bu sahəyə marağı daha da artırır. Artıq rayonda gələn ilin məhsulu üçün taxıl səpininə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il zəmilərdən, ümumilikdə, 68 min 371 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 12 min 505 hektar sahədə keyfiyyətli şum aparılıb, sahələrə üzvi və mineral gübrələr verilib. Fermerlər yüksək repsoduksiyalı toxum sortları ilə təmin olunublar. Səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlər təmir olunaraq hazır vəziyyətə gətirilib. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 2 min 198 hektar sahədə səpin aparıblar ki, bunun da 2 min 20 hektarı arpa, 178 hektarı buğda sahəsidir.
Əkinçilər hər gün 300-350 hektar sahəyə toxum səpirlər. Rayonun Cəfərli, Əlqulular, Oruclu, Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər səpin kampaniyasında daha fəal iştirak edirlər.
Torpaq mülkiyyətçiləri, həmçinin 550 hektar yonca bitkisi də əkiblər.