REGİONLAR


İmişlidə şəhid Orxan Şirinovun xatirəsini daşıyan bulaq istifadəyə verilib

İmişli, 15 sentyabr Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Orxan Şirinovun əziz xatirəsi doğum günündə anılıb. Şəhidin adını daşıyan Bulaq kompleksinin açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Orxan Şirinovun anım mərasimində şəhidin ailəsi ilə bərabər İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Vətən müharibəsi qaziləri ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində çaldığı Zəfərdən və torpaqlarımızın azadlığı uğrunda döyüşə qoşularaq canlarını fəda edən şəhidlərimiz qəhrəmanlığından söhbət açıblar. Bildirilib ki, şəhidlərimiz bu şanlı tarixin əsl qəhrəmanları olaraq daim yaddaşlarda qalacaqlar. Həmçinin Orxan Şirinovun ömür yolundan danışılıb. Qeyd edilib ki, hər zaman vətənpərvərliyi ilə seçilən Orxan döyüşlər başlayan ilk gündən Vətən müharibəsində iştirak edib. Bir çox uğurlu tapşırıqlarda qəhrəmanlıq nümayiş etdirən Orxan şücaəti ilə seçilib. O, oktyabr ayının 21-də Qubadlıda gərgin döyüşlər zamanı şəhid olub. Bildirilib ki, Orxanın şəhid olmazdan öncə ən son sözləri belə olub “Atama deyin ki, oğlun kişi kimi şəhid oldu”. İndi bu kəlmələr Orxanın xatirəsinə ucaldılan abidədə öz əksini tapıb.

Bulağın açılış mərasimində rayon ictimaiyyəti, şəhidin doğmaları, məktəblilər və sakinlər də iştirak ediblər. Çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, onların xatirələrinin heç bir zaman unudulmayacağını söyləyib və şəhid valideynlərinə Allahdan səbir, qazilərimizə şəfa diləyib. Digər çıxış edənlər Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Orxanın qəhrəmanlıqlarından danışıblar. Çıxışlardan sonra şəhidin adına inşa olunan bulaq açılıb, məktəblilər şəhidlərə həsr edilən şeirlər söyləyiblər.

Qeyd edək ki, Orxan Şirinov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.