REGİONLAR


İmişlidə şəhid baş leytenant Cavid Səfərlinin xatirəsi anılıb VİDEO

İmişli, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Baş leytenant Cavid Səfərlinin şəhidlik məqamına yüksəlməsindən bir il ötür. Bu münasibətlə şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Səfərli Cavid Xaliq oğlunun ildönümü izdihamla qeyd edilib. Anım günündə şəhidin ailəsi ilə bərabər rayon rəsmiləri, idarə və müəssisə əməkdaşları, şəhidin hərbçi yoldaşları, məktəblilər və sakinlər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Cavid 1993-cü il may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində dünyaya gəlib. 14 yaşında olarkən hərb sənətinə yiyələnmək üçün hərbi liseyə daxil olub. Daha sonra Ali Hərbi Məktəbi bitirib, 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Aprel döyüşləri ərəfəsində qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan Ordusunun baş leytenantı olan Cavid 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayılın, Hadrutun, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sonra məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdirib, vətənpərvər ruhda şeirlər söyləyiblər.

Qeyd edək ki, Cavid Səfərli ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.