REGİONLAR
İmişlidə sənaye məhsulunun 93,5 faizi qeyri-dövlət sektorunun payına düşüb
İmişli, 6 fevral, Mahir Babayev, AZƏRTAC
2018-ci ildə İmişlinin sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisаdiyyаtın əsаs sаhələri üzrə 470 milyon 858 min mаnаtlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalının 218 milyon 214 min manatı sənayenin, 121 milyon 698 min manatı kənd təsərrüfаtının, 44 milyon 688 min mаnаtı tikintinin, 76 milyon 237 min mаnаtı ticаrət və ictimai iаşə, 9 milyon 423 min mаnаtı nəqliyyatın, 596 min mаnаtı isə rаbitə müəssisələrinin payına düşüb. İqtisadiyyatda əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutub. Sənaye məhsulunun 93,5 faizi qeyri-dövlət sektorunda istehsal olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə rayondakı Heydər Əliyev Mərkəzində ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.
Bildirilib ki, hesabat dövründə şəhərdə inşa olunan “ASAN Həyat” kompleksinin və Bayraq Muzeyinin tikintisi, eyni zamanda, 14 kilometrlik İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başa çatıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə rayonun Muradxanlı kəndində 56 yerlik modul tipli məktəb binasının, Aranlı kəndində 2 saylı məktəb üçün 132 yerlik binanın və Qızılkənd kənd tam orta məktəb binasının tikintisinə başlanılıb, Xəlfəli tam orta məktəbində isə cari təmir işləri aparılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 54 mənzilli altımərtəbəli ictimai yaşayış binasında tikinti işləri başa çatdırılaraq, növbəlilik əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə paylanılıb.
Yığıncaqda qeyd edilib ki, hesabat dövründə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalında artım qeydə alınıb.
Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Ötən il rayonda 13 min 645 hektarda pambıq əkilib və 18 min 575 ton pambıq yığılıb. Ötən il rayonda 134 kümçüyə ipəkqurdu toxumu paylanılaraq 10087 kiloqram yaş barama yığılıb ki, bu da 2017-ci illə müqayisədə 25,6 faiz çoxdur. 2018-ci ildə 7 min 345 ton ət (diri çəkidə), 49 min 632,8 ton süd istehsal olunub, 49747.3 ton buğda, 18624 ton arpa, 2614.2 ton kartof, 4140.6 ton bostan, 3305.9 ton şəkər çuğunduru, 2882.1 ton tərəvəz tədarük edilib. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılıb.
Bildirilib ki, rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, il ərzində 375 nəfər daimi işlə təmin olunub, gəlirləri ehtiyac meyarından aşağı olan 429 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı sahəsində həyata keçirilən tədbirlərdən də danışılıb.
Çıxışlarda rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsi və digər sahələrdə nailiyyətlər qazanılması üçün bundan sonra da bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Sonda müzakirə olan məsələ ilə bağlı qərar qəbul edilib.