REGİONLAR


İmişlidə sənaye məhsulunun 95,3 faizi qeyri-dövlət sektorunda istehsal olunub

İmişli, 9 avqust, AZƏRTAC

İlin birinci yarısında İmişlinin sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub. İqtisаdiyyаtın əsаs sаhələri üzrə 136.860.4 mаnаtlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. İstehsal olunan sənaye məhsullarının 95,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Mədənçıxarma sənayesi ümumi istehsalın 3,6 faizini, emal sənayesi 91,6 faizini, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi isə 4,8 faizini təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə rayondakı Heydər Əliyev Mərkəzində yarım ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib.

Bildirilib ki, hesabat dövründə 34 kilometrlik Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli yerli əhəmiyyətli avtomobil yolunun, 132 şagird yerlik Aranlı kənd 2 nömrəli orta, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binalarının tikintisi başa çatıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binası tamamlanaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilib. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi də aparılıb. Şəhər əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 48 mənzillin, 264 şagird yerli Muradxanli kənd tam orta məktəbin, rayon icra hakimiyyətinin yeni müasir üslublu inzibati binaların tikintisinə başlanılıb.

Yığıncaqda qeyd edilib ki, hesabat dövründə rayonda heyvandarlıq və quşçuluğun inkişaf etdirilməsi sahəsində də təqdirəlayiq işlər görülüb, heyvanların və quşların baş sayı xeyli artıb. Ət, süd və yumurta istehsalı nəzərə çarpacaq qədər çoxalıb. Vurğulanıb ki, ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda bu sahənin sürətli inkişafına nail olunub. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.

Hesabat dövründə rayonda 152 kümçüyə ipəkqurdu toxumu paylanılaraq 9551 kiloqram yaş barama istehsal olunub. 2019-cu ilin məhsulu üçün ötən ilin payızında 19037.5 hektar sahədə taxıl səpini aparılıb və əkin sahələrindən 70821.4 ton taxıl məhsulu götürülüb. Onun da 21621.3 tonu arpa, 49200.1 tonu buğdadır. İlin altı ayı ərzində sahələrdən 56 ton qarğıdalı, 2215.3 ton kartof, 758.2 ton tərəvəz, 334.9 ton bostan məhsulları və 509.9 meyvə və giləmeyvə toplanılıb. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları fəaliyyət göstərib.

Qeyd olunub ki, rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, yarım ildə 702 nəfər daimi işlə təmin olunub, gəlirləri ehtiyac meyarından aşağı olan 455 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilib.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində görülən işlərdən, əhalinin elektrik enerjisi və içməli su ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb.

Sonda müzakirə olan məsələ ilə bağlı qərar qəbul edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.