REGİONLAR


İmişlidə tədarük olunan pambığın 10 min tona yaxını kombaynlarla yığılıb

İmişli, 20 oktyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidə pambıq yığımı sürətlə davam edir. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 10 min 417 tondan çox məhsul toplayıblar. Hər gün plantasiyalardan 900 tondan çox pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir ki, bunun da 860-870 tonu kombaynlarla yığılır. Tədarük edilən məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 7 min 923,8 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 19 min 703 tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində də sahələrdən daha çox məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda məhsul boldur. Artıq rayonda kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də maşınlarla aparılır. Hazırda sahələrdə 33 pambıqyığan kombayn işləyir və indiyədək tədarük olunan məhsulun 9 min 669 tondan çoxu bu maşınların köməyi ilə toplanılıb.

Muradxanlı kənd sakini, təcrübəli pambıqçı Elbrus Abbasov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 25 hektar pambıq sahəsinin hər hektarından 45 sentner məhsul götürüb. Fermerin sahəsində bu il də pambıq çoxdur.

“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 20 hektar sahədə pambıq becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə bol məhsul yetişib. Məhsulu maşınlarla toplayıram. İndiyədək sahənin 11 hektarının məhsulunu yığmışam. İlk nəticə göstərir ki, bu mövsüm plantasiyadan 180-190 tondan çox məhsul toplaya biləcəyəm”, - deyə fermer bildirib.

Qeyd edək ki, bu il imişlili pambıqçılar sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.