REGİONLAR
İmişlidə tibb işçiləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib VİDEO
İmişli, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə COVID-19 infeksiyasına qarşı peyvəndləmə kampaniyasına start verilib. İlkin mərhələdə xəstəxananın tibb heyəti vaksinasiya cəlb olunub.
AZƏRTAC xəbər verir ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında peyvəndləmə işləri üçün lazımi şərait yaradılıb. Vaksinasiya işlərini yerinə yetirmək üçün 40 nəfərlik heyət təşkil olunub.
Mərkəzi xəstəxananın baş həkimi Elnur Qasımovun sözlərinə görə, xəstəxanada peyvənd, təcili yardım və post vaksinasiya otaqları ayrılıb. Vaksinlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Peyvənd olunan şəxs 30 dəqiqə ərzində post vaksinasiya otağında qaldıqdan sonra evə buraxılır. Ümumiyyətlə, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.