REGİONLAR
İmişlidə vətəndaşların təbii qazla bağlı müraciətləri cavablandırılıb
Bakı, 17 iyun, AZƏRTAC
Yaşadığımız Hacalmuradlı kəndi meşə zolağından kənarda yerləşir. Odun əldə etmək üçün ətraf kəndlərə, rayonlara getməyə məcbur oluruq. Bu da həm meşələrin qırılması, həm də əlavə xərc deməkdir. Bütün kənd sakinləri adından sizdən xahiş edirəm, bu kəndin qazlaşdırılmasını həyata keçirin.
AZƏRTAC xəbər verir ki, bu sözləri İmişli rayonunun Hacalmuradlı kənd sakin Xeyrulla Şıxəliyev “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüşdə bildirib. Qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri açıq şəkildə səsləndirilmələri üçün səyyar qəbul otağı vətəndaşların ixtiyarında olub. Kənd sakinləri bu kəndin qazlaşdırılması ilə bağlı Birlik rəhbərinə müraciət ediblər. Birliyin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov, Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev və qurumun digər məsul şəxsləri vətəndaşların müraciətlərini dinləyərək, ünvanladıqları sualları cavablandırıblar. Hacalmuradlı kənd sakinləri ilə yanaşı, ətraf kəndlərdən də vətəndaşlar aksiyaya üz tutublar. Onlar da qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini səsləndiriblər.