REGİONLAR
İmişlidə yol polisi reyd keçirib VİDEO
İmişli, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə “Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı qayda pozan sürücülər saxlanılıb. Reyd zamanı sürücülük vəsiqəsi olmayan, yol hərəkəti qanunlarını kobud şəkildə pozan və digər qayda pozuntusuna yol verən sürücülərə rast gəlinib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən rayonun əsas küçə və prospektlərində postlar təşkil edilib. Qayda pozan sürücülər qanundan yayına bilməyiblər. İmişli RPŞ-nin DYP bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Yarəb Məhərrəmov bildirib ki, saxlanılan bir çox avtomobillərin zəhərli qazları normadan artıq ixrac etdiyi məlum olub. Qanun çərçivəsində həmin sürücülərə qarşı tədbirlər görülüb. Bundan başqa, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən sürücülər də aşkarlanıb və avtomobilləri cərimə meydançasına gətirilib. Həmçinin avtomobilə əlavə avadanlıqlar quraşdıran, yol hərəkəti qaydalarını pozan sürücülər də polisin nəzərindən yayınmayıb. İşıqfora məhəl qoymayan, avtomobili nömrəsiz idarə edən, sükan arxasında telefonla danışaraq qayda pozan sürücülər də saxlanılıb.