REGİONLAR
İmişlili pambıqçılar məhsul yığımında müasir kombaynlardan istifadəyə üstünlük verirlər
İmişli, 5 dekabr, Mahir Babayev, AZƏRTAC
Bu mövsüm imişlili pambıqçılar 13 min 645 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan fermerlər indiyədək sahələrdən 17 min 474 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər ki, bu da ötən il rayonda tədarük olunan məhsuldan 4 min tonadək çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul istehsalçıları yetişdirdikləri pambığı itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Dövlətimizin başçısı tərəfindən hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılmasının hədəf kimi qarşıya qoyulması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırıb. Onlar bu tövsiyəyə layiqincə əməl etmək üçün becərmənin bütün mərhələlərində bitkiyə aqrotexniki tələblər səviyyəsində qulluq ediblər. Bunun nəticəsində də səhalərdə bol məhsul yetişib.
Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda “Aqrolizing” ASC-nin ölkəyə gətirdiyi “John Deer” şirkətinin 10-dan çox kombaynı işləyir və hər gün tədarük olunan məhsulun 70-75 faizi bu maşınların köməyi ilə toplanılır. “John Deer” şirkətinin kombaynları dörd cərgənin (cərgəarası 60-90 santimetr) pambığını qozalar 70-80 faiz açıldığı halda belə, bir dəfəyə yığa bilir. Nəticədə yığılan pambığın maya dəyəri də aşağı düşür. Bu texnikalar, eyni zamanda, pambığı başqa kombaynlarla müqayisədə daha təmiz yığır. Müasir kombaynların idarəetməsi asan, manevretmə qabiliyyəti isə yüksəkdir.
İmişlidə ən çox pambıq əkən Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlhümbət Alkişiyev bildirib ki, Aranlı kəndində fəaliyyət göstərən 55 fermer bu il 1990 hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 3200 tondan çox məhsul toplayıblar. Məhsuldarlıq orta hesabla 25-30 sentner olur. Hələ sahələrdə məhsul çoxdur. Hazırda sahələrdə üçüncü yığım gedir. Hesablamalara görə sahibkarlar bundan sonra sahələrdən daha 400 ton pambıq toplaya biləcəklər. Tədarük olunan məhsulun demək olar ki, hamısı maşınları köməyi ilə yığılıb.
Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 20 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.