REGİONLAR
İmişlinin iki kəndinə ilk dəfə təbii qaz verilib VİDEO
İmişli, 7 mart, Mahir Babayev, AZƏRTAC
İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 49 yaşayış məntəqəsindən 32-si qazlaşdırılıb. Bu gün isə onların sırasına Məzrəli və Çaxırlı kəndləri də əlavə olunub. Ümumilikdə 1052 abonenti olan həmin kəndlərin qazlaşdırılması üçün bir pilləli sistem üzrə ümumi 3 min 530 metr uzunluğunda polietilen və 62 min 568 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici qoyulub.
Kəndlərə təbii qazın verilməsi münasibətilə Məzrəli kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib. Qeyd olunub ki, təkcə ötən il rayonun 13 yaşayış məntəqəsi qazlaşdırılıb. Məzrəli və Çaxırlı kəndləri də daxil olmaqla hazırda rayonun 34 kənd və qəsəbəsində təbii qazdan istifadə edilir. Yaxın günlərdə daha 3 kəndin qazlaşdırılması başa çatdırılacaq.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.