REGİONLAR
İmişlinin ucqar kəndində 264 şagird yerlik məktəb binası istifadəyə verilib FOTO VİDEO
İmişli, 11 sentyabr, A.Yavər, AZƏRTAC
İmişlinin ucqar kəndində məktəb binası istifadəyə verilib. Rayonun Muradxanlı kəndində tikilən təhsil ocağı 264 şagird yerlikdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən rayonlarda yeni məktəb inşa edilir və ya əsaslı təmir olunur, təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İmişlinin Muradxanlı kəndində tikilən məktəb binası da bu diqqət və qayğının bir nəticəsidir.
Təhsil Nazirliyinin nümayəndəsi Fərzəli Qədirov məktəb binası ilə tanışlıq zamanı bildirib ki, görülən işlər çərçivəsində ölkə üzrə tədris ilinədək 47 məktəb istifadəyə verilib. Bunlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir edilən, digərləri isə modul tipli məktəb binalarıdır. Ümumiyyətlə, ilin sonuna kimi 102 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulub ki, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir edilən, 60-ı isə modul tipli binalardan ibarət olacaq. 2003-cü ildən bəri ölkə ərazisində 3200-dən çox məktəb binası inşa edilib və ya əsaslı təmir olunub, yeni korpuslar tikilib və beləliklə, 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
İmişlinin ucqar yaşayış kəndlərindən olan Muradxanlıda həyata keçirilən layihənin iş icraçısı Füzuli Xurşudovun sözlərinə görə, məktəbin həyətyanı sahəsi 2,5 hektardan ibarətdir. 2 mərtəbə və 4 korpusdan ibarət olan binanın sahəsi isə 2400 kvadratmetrdir. Məktəb binasının həyətində qazanxana inşa edilib. Həmçinin dayanıqlı enerji təminatı üçün transformator və generator quraşdırılıb, 2 su anbarı tikilib. Binada 11 sinif otağı mövcuddur. Bundan başqa, fənn kabinələri, idman və akt zalları, yeməkxana da var. Bina istilik sistemi və yanğından mühafizə sistemi ilə təmin edilib, təhlükəsizlik kameraları quraşdırılıb. Məktəb lazımi inventarlarla təmin edilib.
Kənd sakini İmanov Həkimxan söyləyir ki, Muradxanlı kəndinin camaatı üçün sevindirici bir gündür, yeni məktəb binasının istifadəyə verilməsi bayram kimi qarşılanıb. Əvvəlki illərdə tədris uyğunlaşmış məktəb binasında keçilirdi. Buna baxmayaraq, məktəbin nailiyyətləri hər zaman nəzərəçarpan olub. Yeni binanın istifadəyə verilməsi isə tədrisin keyfiyyətinin artmasına əhəmiyyətli təsir edəcək.
Rayon Təhsil şöbəsindən verilən məlumata görə, şəhər 7 saylı məktəb üçün binanın inşası, eyni zamanda, Məmmədli və Telişli kəndlərində 90 yerlik modul tipli məktəb binasının tikintisi də nəzərdə tutulub.