DÜNYA
İmmiqrantlar inteqrasiya kursu keçmək üçün bir ildən çox gözləməli olurlar
Brüssel, 18 mart, AZƏRTAC
Avropa İttifaqına daxil olmayan ölkələrdən olan immiqrantlar inteqrasiya və sosial oriyentasiya üzrə məcburi kurs keçmək üçün bir ildən çox gözləməyə məcburdurlar. AZƏRTAC Belçika KİV-lərinə istinadla xəbər verir ki, indi onların sayı 1600 nəfərə çatıb.
Həmin kurs Belçikaya yenicə gələnlərin bu ölkədəki hüquq və öhdəlikləri ilə tanış olmaları üçün nəzərdə tutulub.
Flandriya parlamentinin Sosialist Partiyasından olan deputatı, türk əsilli Yasmin Qalançi bildirib ki, immiqrantlar bu kursu öz ana dillərində - ərəb, ingilis, türk və ya rus dillərində keçə bilərlər.
Deputat inteqrasiya naziri, Belçika Millətçi Partiyasının nümayəndəsi Homansı yalan səbəblərlə vəziyyətə bəraət qazandırmaqda ittiham edib. Yasmin Qalançi hesab edir ki, nazirliyin immiqrantların inteqrasiya proqramına yetərincə diqqət yetirməməsi və investisiya yatırmaması yaranmış vəziyyətin əsl səbəbidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel