CƏMİYYƏT


İmmun sistemi zəif olanlar geomaqnit qasırğası günlərində COVID-19-a daha tez yoluxa bilərlər

Bakı, 21 aprel, AZƏRTAC

Hava şəraitinin dəyişkənliyinə qarşı hədsiz həssas olanlar var və hər üç nəfərdən biri bundan şikayət edir. Həmin dəyişiklik insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amillərindəndir. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur. Bəzi insanlar isə stabildirlər və onlar bu dəyişikliyi hiss etmirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının dosenti Arzu Bəydəmirova bu barədə deyib: “Hər 12 ildən bir Günəşdə tsikllər dəyişir. Həmin dəyişikliklər nəticəsində baş verən qasırğalar yer kürəsinin geomaqnit sahəsinə təsir göstərir. Həmin dövrdə müsbət yüklü protonların yerə doğru axını başlayır. İnsan orqanizmində protonların axınına qarşı geomaqnit həssaslığı var və bu, üç istiqamətdə - orta, sürətli və qısa olur. Hər kəsdə geomaqnit dalğalarına həssas mərkəzlər var. Bu, böyrəküstü vəzdir və baş-beyində yerləşir. Geomaqnit qasırğaları dövründə həmin reseptorlar oyanır, kimi əsəbiləşir, kimdəsə kardioloji problem meydana çıxır, bronxial asma sindromu olanlarda boğulma baş verir və s. Hətta immun sistemində də dəyişikliklər əmələ gəlir.

Epilepsiya xəstələri əvvəlcədən bunu hiss edirlər. Geomaqnit qasırğasına həssas olanları həkimlər “meteoroloqlar” adlandırırlar, yəni onlar hava dəyişkənliyini qabaqcadan hiss edirlər. Kəskin revmatik qızdırması olanlar oynaq ağrılarından, arterial hipertoniyası olanlar təzyiqin yüksəlməsi, stenokardiyası olanlar isə tutmadan şikayətlənirlər”.

Dosent daha sonra deyib: “Geomaqnit qasırğası günlərində immun sistemi zəif olanlar COVID-ə daha tez yoluxa bilərlər, çünki həmin sistemin aktivliyi aşağı düşür. Həmin günlərdə daxili aləmdə də dəyişiklik baş verir, qanın laxtalanması artır, adrenalin sürətlənir. Ona görə də həmin xəstələr daha çox təcrid olunmalı və özlərini bu təhlükəli infeksiyaya yoluxmaqdan qorumağa çalışmalıdırlar”.

Mütəxəssislər bildirirlər ki, meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür. İqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: Məsələn, təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır. Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.