MƏDƏNİYYƏT
İmruz Əfəndiyeva: “Musiqidə keçən ömür” Azərbaycanda musiqişünaslıq haqqında ilk kitabdır
Bakı, 10 dekabr, Ayişə Axundova, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın “Musiqidə keçən ömür” və “Axtarış yollarının bəhrəsi” kitablarının təqdimatı olub.
O, AZƏRTAC üçün eksklüziv müsahibəsində deyib: “Musiqidə keçən ömür” Azərbaycanda musiqişünaslıq haqqında ilk kitabdır. Burada mənim yaradıcılığımın biblioqrafiyası – 1968-ci ildən bəri yazılmış məqalələr, monoqrafiyalar, kitablar təqdim olunur. Mən yaxın xarici ölkələrin bir çox şəhərlərində keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan musiqisinin aktual problemləri, bəstəkarlarımızın yaradıcılığı barədə məruzələr və mühazirələrlə çıxış etmişəm. Kitabın 2010-cı ildə nəşr olunması planlaşdırılmışdı, lakin mən öz işimə çox tələbkar yanaşdığıma görə uzun müddət material topladım. Odur ki, kitab yalnız 2013-cü ildə çapdan çıxdı.
İkinci - “Axtarış yollarının bəhrəsi” kitabına gəldikdə isə demək istəyirəm ki, müxtəlif illərdə Azərbaycanın dövri nəşrlərində çap olunmuş məqalələrimdən ibarət məcmuə nəşr etdirmək təşəbbüsünə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadəyə çox minnətdaram. Kitaba həm Azərbaycan, həm də rus dillərində elmi əsərlər daxil edilib. Nəşrin elektron variantının tərtib olunmasına və hazırlanmasına kömək göstərdikləri üçün M.F.Axundzadə adına Milli Kitabxananın əməkdaşlarına səmimi təşəkkürümü çatdırmaq istəyirəm”.