REGİONLAR
İmtahan Mərkəzində yeni SMS məlumatlandırma xidməti yaradılıb
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçirilən imtahanların nəticələri ilə bağlı məlumatların SMS məlumatlandırma xidməti vasitəsilə də əldə edilməsi imkanı yaradılıb.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, imtahan nəticələri ilə bağlı məlumat almaq üçün “Naxtel” simsiz rabitə xidməti üzərindən şagirdlərin iş nömrələrinin 7070-ə SMS-lə göndərilməsi xidməti aktiv edilib. Xidmətin istifadəyə verilməsi şəffaflığı daha da yüksəltmək, şagird və valideynlərə imtahanların nəticələri ilə bağlı məlumatları daha əlverişli və operativ çatdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülür, müasir standartlara cavab verən təhsil müəssisələri tikilir, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin inkişafı istiqamətində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılıb, mərkəz ən müasir avadanlıqlarla təchiz edilib. Mərkəzdə yaradılan şərait istər Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə şagird qəbuluna, istər abituriyent hazırlığına, muxtar respublika və respublika fənn olimpiadaları, eləcə də şagirdlərin fənlər üzrə, müəllimlərin isə bilik və bacarıqlarının yoxlanılması üzrə sınaq imtahanlarının keçirilməsinə öz töhfəsini verməkdədir.
Bu günədək mərkəz IX-XI siniflər üzrə daxili sınaq, blok və buraxılış imtahanları, IV-VIII siniflər üzrə şagirdlərin bilik səviyyəsinin yoxlanılması, eləcə də müəllimlərin sertifikatlaşdırmasının I mərhələsinə hazırlıq məqsədilə sınaq imtahanlarının keçirilməsini təmin edib.
Təhsilverənlərin sertifikatlaşdırmasının müsahibə mərhələsi də fevralın 1-dən İmtahan Mərkəzində keçiriləcək. Bunun üçün 2 imtahan komissiyası yaradılıb, 2 otaq ayrılıb, müsahibənin şəffaf keçirilməsi üçün otaqlarda videokamera, mikrofon, kompüter və yaddaş qurğuları quraşdırılıb.