REGİONLAR
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb
Gəncə, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
Martın 18-də Gəncədəki ilk peşə-ixtisas təhsili müəssisələrinin son sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanları uğurla yekunlaşıb.
Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün şəhərdə 1 imtahan mərkəzi ayrılıb.
İmtahanlarda ümumilikdə 300 şagird iştirak edib. Buraxılış imtahanlarının keçirilməsinə 2 imtahan rəhbəri, 24 nəzarətçi müəllim ayrılıb. Şagirdlərdən 9 nəfəri imtahanda iştirak etməyib.
Sınaqlar saat 11:00-da başlayıb və 2 saat 15 dəqiqə davam edib. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saat 15 dəqiqəlik müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib. Şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 sual olmaqla, 90 sualı cavablandırıblar.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.