ELM VƏ TƏHSİL
İmtahanlarda buraxılış rejimini aparmağa cəlb olunan əməkdaşlar üçün təlimlər başa çatıb
Bakı, 17 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) məsul əməkdaşları tərəfindən imtahanlarda buraxılış rejiminin aparılmasında iştirak edəcək yeni qadın əməkdaşlarla aparılan təlimlər başa çatıb. Təlimlərdə 2022-ci ilin oktyabr –dekabr aylarında buraxılış rejimini aparan qadın əməkdaş qismində ilk dəfə elektron qeydiyyatdan keçən, həmçinin təcrübəsi az olan 250 nəfər iştirak edib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, təlimlər:
- bazaya yeni cəlb olunmuş əməkdaşların fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;
- təhlükəsizlik tədbirləri və buraxılış rejiminin gedişi ilə bağlı qaydaları izah etmək;
- imtahan iştirakçıları ilə münasibətlərin və etik davranış qaydalarının tənzimlənməsində əsas tutulmalı qaydaları diqqətə çatdırmaq;
- buraxılış prosesində rast gəlinəcək problemlərin həll yollarını müzakirə etmək;
- xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.
Təlimlər 15-20 nəfərlik qruplarla həyata keçirilib.
Qeyd edək ki, buraxılış rejimini aparan əməkdaş sistemində olan ümumilikdə 2000 nəfərin anket məlumatları dəqiqləşdirilərək redaktələr aparılıb. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər əməkdaşlar üçün də hər imtahana təyinat aldıqdan bir neçə gün əvvəl xüsusi təlimlər keçiriləcək.