ELM VƏ TƏHSİL
İmtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilir
Bakı, 22 fevral (AZƏRTAC). Təsdiq olunmuş qrafikə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələrinin əhatə etdiyi rayonlarda növbəti tədris ilində imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, fevralın 5-dən 15–dək ardıcıl olaraq Füzuli, Beyləqan, Zərdab, Ağdam (Quzanlı qəsəbəsi), Tərtər və Bərdə rayonları üzrə keçirilən seminarlarda nəzərdə tutulmuş 881 nəfər nəzarətçidən 821 nəfər iştirak etmişdir.
Seminar–məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədi ilə imtahan texnologiyasına aid film nümayiş etdirilmiş, imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedura qaydaları izah edilmiş, rast gəlinən hallar və onların həlli yolları interaktiv şəkildə təhlil edilmişdir.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev tərəfindən aparılan seminarın sonunda suallar cavablandırılmış, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilmişdir.