REGİONLAR
İnam Kərimov: “ASAN xidmət” mərkəzlərində 5 minə yaxın könüllü fəaliyyət göstərir VİDEO
Qax, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərində ASAN könüllülərinin ikinci “Yay məktəbi” keçirilir. Bu layihə artıq ənənəvi xarakter alıb. Onun əsas məqsədi könüllülərin üzləşdikləri məsələləri, onların qayğılarını müzakirə etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Yay məktəbi” çərçivəsində Qaxda könüllülərlə görüşən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib.
Qurumun rəhbərinin bildirdiyinə görə, artıq “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin sayı 4900-ü keçib və 5 minə yaxındır. Bu könüllülər vahid bir gənclər təşkilatında birləşiblər və hər il ənənəvi olaraq bir neçə tədbirdə, o cümlədən “Yay məktəbi”ndə görüşür, üzləşdikləri ümumi məsələləri müzakirə edirlər.
Builki “Yay məktəbi”ndə “ASAN xidmət”in mövcud olduğu bütün regionlardan – Sabirabad, Bərdə, Gəncə, Sumqayıt və Bakı şəhərlərindən olan gənclərin bir araya gəldiyini diqqətə çatdıran İnam Kərimov deyib: “Burada könüllüləri maraqlandıran məsələlər, Prezident İlham Əliyev tərəfindən gənclər qarşısında qoyulan vəzifələr, bu vəzifələrin icrası üçün gələcəkdə həyata keçirməli olduğu tədbirlər barədə çox maraqlı müzakirələr aparılır. Əlbəttə ki, biz də gənclərin istəklərinə, qayğılarına dəstək olmaq və bu işdə onlara kömək göstərmək üçün hazırda buradayıq”.