REGİONLAR
İnam Kərimov: Birinci rübdə aqrar sahədə ümumi istehsal həcmi 3,6 faiz artıb
Bakı, 1 may, AZƏRTAC
Aqrar sahədə inkişaf dinamikası cari ildə də davam edir. Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Taxılçılıq və pambıqçılıqda məhsuldarlığın yüksək olması gözlənilir
İnam Kərimov deyib: Cari təsərrüfat ilində 1 milyon 85 min hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir. 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir.
Həmçinin 800 ton yaş barama istehsalı üçün hazırlıq işləri də başa çatdırılıb.
Fındıq sahələri 84 min hektara çatdırılacaq, badam və qoz bağlarının sahələri genişləndiriləcək
Nazir bildirib ki, yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağlarının sahələrinin genişləndirilməsi də həllivacib məsələlərdir. Əsas prioritetlər sırasında zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi də var.